Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə mayın 14-dən etibarən Azərbaycanın 30 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Rosselxoznadzor”ın yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.
Beləliklə, indiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 istehsal müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 261 min 588 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179 min 956 ton pomidor məhsulunun 145,4 faizini təşkil edir.