logo

10 şəhər və rayonda tam orta təhsil  üzrə buraxılış imtahanları keçirilir

09:50 29-04-2021 | icon 9177
10 şəhər və rayonda tam orta təhsil  üzrə buraxılış imtahanları keçirilir

Aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən YeniAvropa-ya bildirilib ki, bu gün, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçirilir.

İmtahanlar respublikanın 10 şəhər və rayonunda təşkil olunub. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edir. Bu şagirdlərin rahatlığı üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Buraxılış imtahanları saat 11:00-da başlanıb.

Qeyd edək ki, imtahanda 12818 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb.