logo

AQTA Almaniya və Nepaldan quş əti idxalına məhdudiyyət qoydu

18:08 12-04-2021 | icon 2226
AQTA Almaniya və Nepaldan quş əti idxalına məhdudiyyət qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya, Nepal Federativ Respublikasının Karnali və Baqmati inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, həmin ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniyadan və Nepaldan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.