logo

İlham Əliyev “Şəfəq-Asiman”da ilk qaz ehtiyatlarının aşkarlanması münasibətlə xalqı təbrik edib

15:14 24-03-2021 | icon 2534
İlham Əliyev “Şəfəq-Asiman”da ilk qaz ehtiyatlarının aşkarlanması münasibətlə xalqı təbrik edib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edildi. Bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Məlumatda bildirilib ki, eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan quyunun qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.
Qeyd edək ki, "Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və "bp" şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir.
Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində "bp" şirkətinin operatorluğu ilə aparılıb və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb.
 
Prezident İlham Əliyev bu münasibətlə bildirib:""bp" şirkəti ilə SOCAR-ın əməkdaşlıq tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu dövr ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilmişdir. Bu əməkdaşlığın məhsulu olan layihələrin sırasına Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi, Baku-Tbilisi-Ceyhan boru kəməri, "Şahdəniz”, Cənub Qaz Dəhlizi və ona aid olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr daxildir. Hazırda "bp"-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. "bp" Azərbaycanın neft-qaz sənayesinin ən böyük xarici investorudur.
 
Bu gün biz ənənəvi tərəfdaşımız olan "bp" ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də "Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatmışdır. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına, və nəticə etibarı ilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töhfə verəcəkdir. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər.
 
Bu uğur münasibəti ilə Azərbaycan xalqını, Azərbaycan neftçilərini, "bp" və SOCAR şirkətlərini təbrik edirəm”.
 
Xatırladaq ki, "Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat metr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. "Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunub. 7 oktyabr 2010-cu il tarixində SOCAR və "bp" şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanmışdır. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50% müəyyən edilib. Sazişə əsasən bp şirkəti 2012-ci ildə "Şəfəq-Asiman” blokunda 3D seysmik ölçü işlərini yerinə yetirib. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirilib və 2020-ci ildə quyunun qazılmasına başlanılıb.