logo

Bu gündən Novruz yarmarkaları fəaliyyətə başlayıb

13:40 13-03-2021 | icon 5299
Bu gündən Novruz yarmarkaları fəaliyyətə başlayıb

Novruz bayramı ilə əlaqədar olaraq martın 13-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” yarmarkaları təşkil olunub.

 YeniAvropa xəbər verir ki, yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında açılıb.

Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkalarında satışa çıxarılan məhsullar tamamilə yerli istehsaldır və müxtəlif regionlarda fəaliyyət göstərən, yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim edilir. Yarmarkada 30-dan artıq regiondan 100-dən çox fermer 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirir.

Yarmarkada qiymətləri fermerlər özləri təyin edirlər və bu şərait onlara ödənişsiz yaradılıb. Bu barədə danışan “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Mayis Musayev deyib ki, fermerlərə məhsulların münasib qiymətə satılması tövsiyə edilib.

Onun sözlərinə görə, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda gündəlik keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir. Vətəndaşlar Novruz yarmarkalarından kənd təsərrüfatı məhsullarını sərfəli qiymətə elə fermerlərin özlərindən alacaqlar.

“Novruz yarmarkası karantin rejiminin tələblərinə uyğun təşkil olunub. Fermerlər əvvəlcədən tibbi müayinədən keçirilib, ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla təmin olunublar. Həmçinin yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq”, - deyə Mayis Musayev bildirib.