Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əfqanıstan İslam Respublikasının Herat, İsveç Krallığının Halland və Esterqotlandiya inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınaraq inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əfqanıstan İslam Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.