logo

Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq

15:34 04-03-2021 | icon 2919
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq

Bu gün OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 14-cü toplantısı videokonfrans formatında keçiriləcək.

YeniAvropa xəbər verir ki, neft bazarında diqqət “OPEC+”un qəbul edəcəyi qərara yünəlib. Ekspertlərə görə, iclasda hasilatın artırılması barədə qərar verilməsi gözlənilir.

Dünən “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 27-ci iclasında alyansın ən nüfuzlu üzvləri olan Rusiya və Səudiyyə Ərəbistanı istehsalla bağlı birgə addım atmaq üçün müzakirələr aparıb. Səudiyyə Ərəbistanı ehtiyatlı davranmaq lazım olduğunu bildirsə də, Rusiya hasilatın artırılmasını istəyir.

“OPEC+” toplantısından çıxacaq qərar neft bazarındakı inkişaflar üçün vacib rol oynayır. İclas ərəfəsində “Brent”in bir barreli Londonun ICE birjasında 64 dollardan, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61 dollardan baha satılır.

Xat;rladaq ki, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) 49-cu iclasında qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib. “Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatının 5,8 milyon barrel artaraq sutkada 96 milyon barrel civarında olacağı gözlənilir. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir”, - deyə M.Barkindo bildirib.

OPEC-ə görə, yaxın aylarda iqtisadi perspektivlər və neft tələbatı qeyri-müəyyən olaraq qalacaq. Dünyada virusa qarşı peyvəndlərin tədricən yayılması ilin qalan hissəsi üçün qlobal iqtisadiyyat və neft tələbatının artması baxımından müsbət amildir.

Qeyd edək ki, 2020-ci ilin aprelindən indiyədək “OPEC+” ölkələri neft hasilatını 2,1 milyard barrel azaldıb.

JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.

Xatırladaq ki, yanvarda “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayıb.

2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.