Füzuli rayonu ərazisində beynəlxalq hava limanının tikintisi davam edir.
YeniAvropa xəbər verir ki, “Füzuli Beynəlxalq Hava Limanının tikintisi” layihəsinə aerovağzal (terminal) binası, 3000x45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqların quraşdırılması, transformator yarımstansiyalarının tikintisi, köməkçi binalar, qurğular və xarici mühəndis-kommunikasiyalarının inşası (elektrik, qaz, su və rabitə) aiddir.
Layihə cərçivəsində Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisinə başlanılıb.
Tikintini həyata keçirən “AzVirt” MMC şirkətinin mühəndisi Şaiq Qocayevin sözlərinə görə uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni hər tərəfdə 7,5 metr təhlükəsiz zolağı da daxil olmaqla 60 metrdir. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülü hazırlanır. Bunun üçün torpaq yatağı çıxarılıb, əvəzinə təbii çınqıl materialı verilməklə hamarlanır və kipləşdirilir. Çınqıl işləri başa çatdıqdan sonra asfalt-beton örtüyü salınacaq.
Uçuş-enmə zolağının ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.