Vyetnamdan ölkəmizə idxal edilən altı ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilib. Qeyd edilib ki, ölkəmizə idxal edilən 6 ton darçın məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.