Azərbaycan onlayn ticarətin inkişafına görə 152 ölkə arasında 60 ballıq göstərici ilə 65-ci yerdə qərarlaşıb.
YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Business-to-Consumer (B2C) E-Commerce Index 2020" illik hesabatında deyilir.
MDB ölkələri arasında ən yüksək mövqelərdə Belarus (35-ci yer), Rusiya (41-ci yer), Ukrayna (51-ci yer), Moldova (53-cü yer) və Qazaxıstan (60-cı yer) qərarlaşıb. Qonşu ölkələrə gəldikdə isə, İran reytinqdə 44-cü, Gürcüstan 47-ci, Ermənistan isə 84-cü yerdədir.
UNCTAD sözügedən indeksi qiymətləndirmə prosesində təhlükəsiz internet serverlərinə əlçatanlığı, poçt xidmətləri və infrastrukturunun etibarlığını, əhalinin internetdən istifadə edən və maliyyə təşkilatları və ya mobil pul xidmətinin təminatçılarında hesabı olan payını nəzərə alır.
Dünyada onlayn ticarətə ən çox hazır olan və bu sahəni ən çox inkişaf etdirmiş ölkə İsveçrədir. Siyahıda ikinci yerdə Niderland, üçüncü yerdə isə Danimarka qərralaşıb. Reytinqin son pillələrində Burundi, Çad və Niger yer alıb.
Qeyd edək ki, Azərbaycan 2019-cu ilin hesabatında 62-ci pillədə qərarlaşmışdı.