logo

Firdovsi Umudov barəsində yazılanları qəti şəkildə təkzib edir

18:22 24-05-2020 | icon 2352
Firdovsi Umudov barəsində yazılanları qəti şəkildə təkzib edir

Bəzi KİV-də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov haqqında “Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT” başlıqlı məqalə yazılıb.

 YeniAvropa xəbər verir ki, Firdovsi Umudov özü və ailəsi barədə yazılanlara "Facebook" səhifəsində münasibət bildirib: "Vəzifəsindən asılı olmayaraq dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Mən hər zaman dövlətimə, onun qanunlarına, Heydər Əliyev ideyalarına, Ali Baş Komandanımız cənab İlham Əliyevə sadiq bir vətəndaş və idmançı zabit olaraq qanun qarşısında cavabdehlik daşıyıram. Özüm də daxil olmaqla kimliyindən və vəzifəsindən asılı olmayaraq dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Hər bir şəxs öz əməllərinə cavabdehdir və bu səbəbdən mən bacımın həyat yoldaşının etdiklərinə görə məsuliyyət daşımıram. Əgər onun etdiklərində cinayət tərkibi varsa və bu sübuta yetiriləcəksə, o zaman cəzasını çəkməlidir". 

Firdovsi Umudov barəsində yazılanları qəti şəkildə təkzib edib və ona qarşı bu təxribatı törədənləri “5-ci kolon”a xidmət edənlərin işi olduğunu deyib:

"Yazı müəllifi jurnalist etikasna uyğun olaraq mənim də mövqeyimi öyrənməyə borclu olsa da, bunu etməyib. Üstəlik, hər hansı bir sübut olmadan adımı etmədiyim işlərdə hallandırdığı, bununla da ictimai və zabit nüfuzuma zərbə vurduğu üçün məsələnin hüquqi müstəvidə həll ediləcəyinə, bu çirkin iftiraların əsassız olduğunu sübuta yetirəcəyimə kimsənin şübhəsi olmasın. Ölkəmizdə “5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər F.Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən narahtdırlar. Belə bir yazının sifarişçilərinin də kim olduğunu kifayət qədər yaxşı bilir və onlara bunu demək istəyirəm - Mən sizdən fərqli olaraq heç zaman əqidəmi dəyişmədim. Belə sifarişli yazılarla mənə zərbə vuracağınızı düşünürsünüzsə, yanılırsınız. Əksini, bununla siz öz iç üzünüzü bir daha ortaya qoyursunuz. Hamı məni və sizi çox yaxşı tanıyır".

O, atası barəsində yazılanlara da münasibət bildirib: "F.Umudovun atası “sövdələşməyə” gedib deməklə qanunlarımıza həqarət etmiş olunur. Belə şər-böhtan tipli yazılarla Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərilir. İllərdir, ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə ola bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi “sövdələşmə”yə getsin? Atam, babam, hətta ulu babam da əkinçilik və maldarlıqla məşğul olub. Bu gün də atam həmin işlərlə məşğuldur. Sadə, siravi, əməksevər bir kəndlidir. Öz mal-qarası ilə məşğul olan bir adamdır. Bunu Qazaxda yaşayan hər bir kəs bilir". 

Firdovsi Umudov dövlət tərəfindən ona verilən mükafatı xalqı ilə daim bölüşdüyünü bəyan edib: "Koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə görənlər bunun şahidi oldu".