logo

Baş prokurorluq “EuroHome”dakı yanğını araşdırır

15:51 12-05-2020 | icon 2226
Baş prokurorluq “EuroHome”dakı yanğını araşdırır

Mayın 11-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Xatırladaq ki, mayın 11-də saat 22:51-də “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən 22 min 500 kvadratmetrə yaxın olan bazarın 3300 kvadratmetri yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində alovun daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.

Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, yanğınla əlaqədar əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 texnikası cəlb olunub.