logo

Bakıda narkotik vasitənin təsiri ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb

22:13 17-04-2020 | icon 2471
Bakıda narkotik vasitənin təsiri ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb

Paytaxtda narkotik vasitənin təsiri ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Abşeron rayon sakini Əbülfət Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin aprelin 17-də saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan Yol Polisi Xidməti inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.

Qeyd edək ki, sürücü saxlanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına müqavimət göstərərək onlara hücum etməyə cəhd edib. Lakin polis əməkdaşlarının çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə təhvil verilib. Araşdırma zamanı R.Ağabəyovun qaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. R.Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.