Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Qüdrət Həsənov Cəlilabad rayonunun Alar kəndi ərazisində idarə etdiyi “Vaz 21014” markalı avtomobillə Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada 3 bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram heroin, 1 bağlamada çəkisi 800 qram olan psixotrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.