logo

Xalq artisti Rafiq Əliyev vəfat edib

10:10 16-04-2020 | icon 2548
Xalq artisti Rafiq Əliyev vəfat edib

Azərbaycanın xalq artisti, aktyor, teatr rejissoru Rafiq Əliyev vəfat edib.

 YeniAvropa xəbər verir ki, R.Əliyev 71 yaşında dünyasını dəyişib.

Rafiq Hacıbaba oğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub. Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb.

Bunlardan əlavə Rafiq Əliyev 40-dan artıq filmdə müxtəlif obrazları canlandırıb. O, həmçinin, bir prodüsser kimi də fəaliyyət göstərib. Azərbaycan Teatr xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzi-Laboratoriyasının 2007-ci ildə hazırladığı Qurban Səidin "Əli və Nino" ritual faciəsinin prodüsseri olub.

O, 2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilib. Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə "əməkdar artist", 2007-ci ildə isə  "xalq artisti" fəxri adlarına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü olub .

Allah rəhmət eləsin!