logo

Avtomobillərdə dövlət bayrağından örtük kimi istifadə yolverilməzdir

17:59 14-04-2020 | icon 2205
Avtomobillərdə dövlət bayrağından örtük kimi istifadə yolverilməzdir

Bakı şəhər sakini olan vətəndaş Rasim Ələsgərov sosial şəbəkədə videogörüntü paylaşaraq deyir ki, özünə məxsus “Mitsubishi Pickup” markalı avtomobilinin damına və arxasına dövlət bayrağımızı çəkib. Lakin polis ondan tələb edir ki, bayraq oradan sökülməlidir. Burada sürücü özünü haqlı sayaraq, polisin tələbini düzgün hesab etmir.

YeniAvropa xəbər verir ki, məsələyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov münasibət bildirib.

E.Zahidov qeyd edib: “Birdəfəlik bilməliyik ki, dövlət bayrağından harada gəldi, necə gəldi istifadə etmək olmaz. Bayraq Azərbaycanın suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdəki əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər. Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə edilməsi isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pickup”ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşının tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir”.