Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.