logo

İrandan Azərbaycana dəniz yolu ilə 7 kq narkotik keçirmək istədilər

22:19 11-03-2020 | icon 2261
İrandan Azərbaycana dəniz yolu ilə 7 kq narkotik keçirmək istədilər

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitə ələ keçirilib. İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Kamran Hüseynovun əlindəki bağlamaya baxış keçirilərkən 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyənləşib ki, Kamran Hüseynov şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı İran vətəndaşı ilə əvvəlcədən razılığa gələrək satış məqsədilə ondan külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazinə keçirərək Xəzər dənizinin sahilində - Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə həmin ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.