logo

Baş Prokurorluq və DİN-dən gənc feministin intiharı barədə açıqlama

16:30 10-03-2020 | icon 2639
Baş Prokurorluq və DİN-dən gənc feministin intiharı barədə açıqlama

Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı çoxmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilin pəncərəsindən intihar məqsədilə özünü atıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.Qeyd edilib ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Evdən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

A.Ələkbərova hadisədən əvvəl özünə məxsus “Facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşıb.

İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feminist tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak edib və aksiyada əlində tutduğu şüarda əks olunmuş fikirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihara vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.