Hacı Zeynalabdin Tağıyevin 2,5 m-lik heykəli “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq
Məşhur milyonçu, xeyriyyəçi-mesenat, qızlar məktəbinin banisi Hacı Zeynalabdin Tağıyevin heykəli onun doğulub boya-başa çatdığı, bütün varlığı ilə bağlı olduğu bu qədim şəhərin tam mərkəzində - “İçərişəhər” metrostansiyası qarşısında ucaldılacaq. Abidənin hündürlüyü isə 2,5 metr olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə heykəlin müəllifi, xalq rəssamı Xanlar Əhmədov məlumat verib. Onun sözlərinə görə, hazırda heykəlin gil variantı üzərində son tamamlama işləri aparılır.
Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə əlaqədar elan edilən müsabiqəyə üç eskiz təqdim etdiyini deyən Xanlar Əhmədov 26 eskiz arasından onun layihəsinin qalib gəlməsini böyük sevin hissi ilə qarşıladığını deyib.
"Yaxın aylarda ucaldılacaq heykəl tuncdan töküləcək. Abidənin alt hissəsi qırmızı qranitdən hazırlanacaq, hündürlüyü isə iki metr yarım olacaq. Hacı İçərişəhərdə doğulduğu və qədim qala divarları içərisində hər tərəf tarixi tikililərlə əhatə olunduğundan heykəlin ucaldılması üçün ən münasib məkan da elə “İçərişəhər” metrostansiyasının qarşısı olduğu qərara alınıb",-deyə heykəltəraş sevinc hissi ilə qeyd edib.