Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və "Kaspi Yıldız" şirkəti ilə birlikdə yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayır.
YeniAvropa xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı aparılan çəkilişlər başa çatıb. Videoçarx yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Vaqif Əsədovun sözlərinə görə, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri yanğınsöndürən balondan istifadə qaydaları ilə bağlı maarifləndirmək, eləcə də həmin balonun avtomobildə olmasını təmin etməyə təşviq etməkdir.
V. Əsədov bildirib ki, son illər avtomobillərin hərəkətdə olarkən və dayanarkən qəflətən yanması halları tez-tez baş verir. Bu isə yol polisini narahat edir. Sosial çarxın çəkilməsində məqsəd də odur ki, sürücülər yanğınsöndürən balonun avtomobildə olmasının əhəmiyyətini dərk etsinlər və öz əmlaklarına qarşı laqeyd yanaşmasınlar. Təxminən 17-20 manat qiymətində olan bu balon dəyəri onminlərlə ölçülən əmlakın xilas edilməsi üçün əvəzedilməzdir. Yol polisi sürücülərə tövsiyyə edir ki, həmin balonların avtomobildə olmasını təmin etsinlər.