Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb.
YeniAvropa xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək üçün tez-tez arxa oturacaqda əyləşmiş hamilə xanımına baxır, onunla söhbət edir. Nəticədə yolu keçmək istəyən digər piyadanı görmür. Qəza baş verəndən sonra isə özü, həyat yoldaşı və piyada həyatını itirir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son aylarda baş verən qəzaların 80 faizi sükan arxasında sürücü diqqətsizliyi ucbatından baş verib."Sürücülər sükan arxasında diqqəti olmalı, diqqət yayındıran hallara yol verilməməlidir. Bizim əsas məqsədimiz qəzaların qarşısını almaq, insanları bu istiqamətdə maarifləndirməkdir. Düşünürəm ki, bu sosial çarxlara baxan hər bir sürücü nəticə çıxaracaq və bir həyat da xilas olacaq."