İtaliyanın yerli aviaşirkəti olan “Air İtalia” müflis olduğunu rəsmi şəkildə elan edib. Şirkət səhmdarları və dövlətin bütün cəhdlərinə baxmayaraq fəaliyyətini dayandırmağa məcbur olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, 12 təyyarəsi olan şirkət ötən il 200 milyon avrodan çox zərər edib. Maliyyə dünyasında belə az sayda təyyarə ilə bu qədər zərər etmək rekord göstəricidir. “Qatar Airways” iki il əvvəl şirkətin 49 faiz səhmini alaraq onu iflasdan qurtarmışdı. Lakin bu, uzun müddət onu saxlaya bilmədi.
“Air İtalia” bir neçə il əvvəl təyyarələrinin sayını 50-yə çatdıraraq digər italyan nəhəngi olan “Alitalia”nı bazarda sıxışdırmaq istəyirdi. Lakin mütəxəssislərin fikrinə görə, düzgün qurulmamış strateji planla şirkət son illərdə ancaq zərərlə işləyirdi.
Ümumiyyətlə, Avropanın aviaşirkətlərinin bir neçəsində oxşar problemlər var. Məsələn, İspaniyanın ən böyük şirkəti olan “İberia” ötən il 360 milyon avro zərər etmişdi, lakin onun mülkiyyətində 100-ə yaxın təyyarə var.
Hazırda Avropa səmasında 4 aviaşirkət hökmranlıq edir: “British Airways” və “İberia”nı özündə birləşdirən İAG, “Air France”, “Lufthansa” və “Ryanair”dir. Beşinci olmağa isə “Wizz Air” hazırlaşır.