Dünən gecədən başlayaraq yağan və gündüz saat 10 radələrinədək davam edən qar 15 kilometrlik Ağsu dolaylarında avtomobillərin hərəkətində ciddi problemlər yaradıb.
YeniAvropa xəbər verir ki, dolayların yuxarı şimal ərazilərində qarın qalınlığı 30 santimetrə çatıb. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli magistral yolların istismarı” MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçilərinin səyi nəticəsində günün ikinci yarısınadək dolayların qardan təmizlənməsi başa çatdırılıb. Sahənin rəisi Eldar İsrafilovun sözlərinə görə , hələ gecədən yolun təmizlənməsinə 15 nəfər işçi qüvvəsi cəlb olunub. Üç növbəli iş rejimi yaradılıb. 4 duzsəpən maşının, 2 avtoqreyderin və 4 qum daşıyan “Tatra” avtomaşının köməyi ilə günün birinci yarısında dolaylarda avtomobillərin hərəkətinin bərpası təmin olunub. Fevralın 10-da səhər tezdən dolayların ən çətin, buz bağlayan 5 kilometrlik ərazisində təmizləmə işləri davam etdirilir.
Sahə rəisi onu da vurğulayıb ki, bütün bunlara baxmayaraq, dolaylarda hərəkət, xüsusilə gecə saatlarında, ərazini bürüyən qatı duman təhlükəli olaraq qalır. Buna görə də sürücülərə alternativ yollardan istifadə olunmasını, gecələr Ağsu dolayları ilə hərəkət etməmələri məsləhət görülür.