logo

Yağıntılı havada avtomobili necə idarə etməli?

22:53 18-01-2020 | icon 2688
Yağıntılı havada avtomobili necə idarə etməli?

Təəssüf ki, bəzən qurumlar yağışlı havada, xüsusilə gecə saatlarında küçələrdə işıqları söndürür. Bu isə çox təhlükəlidir. Yağıntılı havalarda asfalt qatının üzərindəki su qatı yüksək hərəkətdə olan avtomobilin təkərlərin yola toxunma faizini azaltdığından qəzalar baş verir. Buna akvaplanlama deyilir.

Bəzən sürücülər yüksək sürətlə suyun içinə girir. Bu zaman idarəetməni itirir və nəticədə qəzalar baş verir. Həmçinin yolun üzərində yığılmış toz qatı su ilə reaksiyaya girərək şirəli palçığa dönür. Bu isə sürüşmənin əsas səbəbidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov YeniAvropa-ya bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq”.Yağıntılı havada avtomobili necə idarə etməli?

V.Əsədov qeyd edib ki, belə hava şəraitində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalıdır: “Həmçinin sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir. Sürücülər eyni zamanda nəqliyyat vasitəsini avtomobilin texniki xarakteristikasına uyğun idarə etməlidir. Əgər bu qaydalara riayət edilsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar".