Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar Ə.Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılıb. Baş Polis İdarəsinə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.
Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin cibindən sellofan bükülüdə 1,2 qram metamfetamin aşkar edilərək götürülüb. Ə.Məmmədova məxsus “Nissan Maxima” markalı avtomobildən isə soyuq silah hesab edilən iki ədəd iri ölçülü bıçaq və xəncər, nömrəsi silinmiş tapança və beş ədəd patron, bir sandıqca və sellofan bükülüdə 9,5 qram metamfetamin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə Ə.Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olması müəyyən edilib və o da saxlanılıb. İlkin dindirilmə zamanı K.Rzayev Əli Məmmədovdan narkotik maddə almaq üçün görüşdüyünü etiraf edib.
Faktla bağlı təhqiqat aparılır.