logo

Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib

15:32 17-01-2020 | icon 3892
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib

Yanvarın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi sahəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib.

YeniAvropa xəbər verir ki,mətbuat konfransında agentliyin sədri Qoşqar Təhməzli son bir ildə ölkəmizdə qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlarla əməkdaşlıq və qeydiyyat, beynəlxalq əməkdaşlıq, ictimai nəzarət və maarifləndrimə tədbriləri barədə jurnalistlərə məlumat verib, qida zəncirinə dövlət nəzarəti tədbirləri, onların nəticələri, eləcə də ictimaiyyətlə əlaqələr və həyata keçirilən layihələrdən danışıb.

Agentliyin sədri qida sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar görülən tədbirlərdən danışarkən bildirib ki, ötən il mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

İl ərzində agentlik əməkdaşlarının ölkədaxili və xaricdə keçirilən 44 beynəlxalq tədbirdə, 16 beynəlxalq təlimdə iştirak etdiyini bildirən sədr deyib: “Agentliyinin rəhbər heyəti və bir neçə məsul əməkdaşının Fransa, Belçika, Gürcüstan, Rusiya, Argentina, Belarus, Monteneqro, Bosniya və Herseqovinaya işgüzar səfərləri təşkil edilib. Qarşılıqlı səfərlər zamanı Bitki Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE), Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğu ilə əməkdaşlıq əlaqələri genişləndirilib. İkitərəfli əməkdaşlıq çərçivəsində agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədilə təqdim olunması təmin edilib. Eyni zamanda 2019-cu ildə agentlik tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib”.

Mətbuat konfransında məlumat verilib ki, il ərzində istehlakçıların maarifləndirilməsi üçün 12 maarifləndirici sosial çarx hazırlanıb, televiziya və digər elektron informasiya vasitələrində mütəmadi yayımı həyata keçirilib, müxtəlif mətbuat orqanlarında təbliğat-təşviqat xarakterli 200-ə qədər elmi-tədqiqat və maarifləndirici məqalə dərc edilib, qida təhlükəsizliyinə dair daxil olan 650-dən çox yazılı sorğu cavablandırılıb. 10-dan artıq informasiya portalında ilboyu “AQTA maarifləndirir” adlı layihə həyata keçirilib. “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsində şagirdlər 2 mindən artıq rəsm əsəri ilə iştirak edib. “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumilikdə 20 minə qədər müəllim və şagirdin iştirakı ilə 65 bölgənin 135 ümumtəhsil müəssisəsində sağlam qidalanmanın təşviqi istiqamətində tədbirlər keçirilib. Qida təhlükəsizliyi ilə bağlı ilk elmi-kütləvi informasiya vasitəsi olan “Süfrə” jurnalı hazırlanıb, 2 nömrəsi nəşr edilib, 1 nömrəsi çapa hazırlanıb.

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirildiyi barədə məlumat verən Qoşqar Təhməzli bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub: “748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 min 530 manat məbləğində inzibati cərimə tətbiq olunub. Aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108,2 min ton və 99,4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub. Ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib”.

Qeyd edilib ki, ötən il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib. 2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb. İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Bu il görüləcək işlərlə əlaqədar danışan sədr deyib: “2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanılacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib. Bu ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək. Layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən IT əsaslı yoxlamalara başlanılacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib, ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı sistemdə ixrac modulunun hazırlanmasına başlanılıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır”.

Mətbuat konfransında Qoşqar Təhməzli, həmçinin qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər, Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti barədə də jurnalistləri məlumatlandırıb.

Sonra kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.