Bu gün Bakıdan Lvova (Ukrayna) uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarədə texniki nasazlıqlar yarandığından yenisi ilə əvəz olunub.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, təyyarə qarşıdakı 1 saat ərzində Ukraynaya yola düşəcək: “Artıq həmin təyyarə yenisi ilə əvəz olunub və plan üzrə 10:45-də Ukraynaya yola düşəcək”.
Xatırladaq ki, bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.
Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.
Ümumilikdə 1,5 saat ərzində problemin aradan qaldırılmasına cəhdlər olunsa da, heç bir nəticə əldə olunmayıb. Sərnişinlərin başqa təyyarəyə köçürülmələri qərara alınıb.