Yanvarın 10-da Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 2019-cu il noyabrın 12-dən dekabrın 12-dək elan edilən müsabiqənin nəticələri müzakirə olunub.
Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs - “Real Təhlil İnformasiya Mərkəzi” MMC,“TV-Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC sənədlərini Şuraya təqdim edib.
Qeyd edək ki, üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.