logo

10 yaşlı Nərmin Quliyevanın qatili tutuldu

17:13 10-01-2020 | icon 2674
10 yaşlı Nərmin Quliyevanın qatili tutuldu

Azərbaycanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində şübhəli bilinən şəxsin tutulması ilə bağlı birgə məlumat yayıblar.

Hər iki qurumun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun cinayətin açılması istiqamətində həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqdakı çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.