logo

Badamdarda sürüşmə davam edir

12:30 09-01-2020 | icon 2338
Badamdarda sürüşmə davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.

Nazirlikdən YeniAvropa-ya bildiriblər ki, müşahidələr davam etdirilir.

Hazırda mütəxəssislər tərəfindən baş verən sürüşmənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir qədər əvvəl Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verən əraziyə gəlib.  Vuqar Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə edilir.

“9 yanvar 2020-ci il tarixində səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır”, - deyə Ə. Qaralov bildirib.