logo

Leyla Bədirbəylinin 100 illiyi qeyd ediləcək

19:11 29-12-2019 | icon 2744
Leyla Bədirbəylinin 100 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev dekabrın 29-da xalq artisti, dövlət mükafatları laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncam əsasən, xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur. Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanıb, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.