logo

Macarıstanda Azərbaycan Evi açılıb

20:17 27-12-2019 | icon 2576
Macarıstanda Azərbaycan Evi açılıb

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub.

 YeniAvropa xəbər verir  ki,  bu ölkədə yaşayan soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, Azərbaycan mədəni irsinin qorunması və təbliği, həmvətənlərimizin yaşadığı cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədi daşıyan Azərbaycan Evinin açılışında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Macarıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, media nümayəndəlləri və 100-dən artıq Macarıstanda yaşayan soydaşımız və yerli icmanın nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər xaricdə açılan Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birgə inkişafı və Azərbaycan mədəniyyəti, adət-ənənəsi və milli mənsubiyyətin qorunmasında xüsusi önəm kəsb etdiyini vurğulayıblar.

Səfir Vilayət Quliyev soydaşlarımızın Azərbaycan Evinin uzun illərdir açılması arzusu ilə yaşadıqlarını və bu məkanın onların hər biri üçün çox böyük məna kəsb etdiyini bildirib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu Evin açılmasının dövlətimizin soydaşlarımıza böyük bir hədiyyəsi olduğunu qeyd edib.

Səlhət Abbasova çıxışında Azərbaycan Evində soydaşlarımızın maraq və ehtiyaclarına müvafiq işin qurulması, mədəniyyətimizin təbliği və azərbaycançılııq ideologiyası ətrafında birləşmək üçün dövlət qurumları ilə bərabər həmvətənlərimizin də səy və təşəbbüslərinin vacib olduğunu vurğulayıb.

Tədbirdə soydaşlarımızın macar dostlarının iştirakının da xalqımızın multikultural ənənələrin daşıyıcısı olmasından, ümumbəşər dəyərlərə hörmətlə yanaşmasından, yaşadığı cəmiyyətə yaxşı inteqrasiyası və müsbət obraz yarada bilməsindən irəli gəldiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən macar icmasını təmsil edən polkovnik Farkaş Jozef, Subyektiv Dəyərlər Fondunun (Subjective Values Foundation) rəhbəri Marsel Lorinç Azərbaycan xalqına və mədəniyyətinə olan hörmət və ehtiramlarını bildirərək, Azərbaycan Evinin açılışı münasibətilə təbriklərini çatdırıblar.

Macarıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri Ramiz Əmirli, Svetlana Abdullayeva, Əliağa Ağayev və Cavid Əhmədov çıxışlarında Azərbaycan Evlərinin yaradılmasına dəstək verdiyi üçün soydaşlarımız adından Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini çatdıraraq bu addımın xaricdə yaşayan azərbaycanlılar üçün dövlətimizin qayğısını ifadə etdiyini bildiriblər.

Tədbir Macarıstanda yaşayan soydaşlarımızın ifasında Azərbaycan mahnılarının səslənməsi ilə avam edib.