Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edilir. Qeydə alınan temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.
O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: “Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.
Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif küləklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.
Hazırda müşahidə edilən zəif cənub-şərq küləyi dekabrın 20-də şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman olması ehtimalı azalacaq”.
U.Tağıyeva əhalini narahat olmamağa səsləyib və müşahidə edilən dumanın smoq olmadığını diqqətə çatdırıb.