Dekabrın 16-dan 20-dək Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi" xəstəliyə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Qeyd edilib ki, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.
Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi də nəzərdə tutulub.