YeniAvropa xəbər verir ki, N.Əhmədov KİV-ə açıqlamasında V.Quliyevin məqaləsini "oğurladığını" qismən etiraf edib.
“Səfirimiz Vilayət Quliyevə böyük hörmətim var. Yazdığım "İblis xislətli erməni" kitabımda Vilayət Quliyevin "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləsindən istifadə etmişəm. Mənim Vilayət müəllimə böyük hörmətim var, yaradıcı insandır. Onun qeyd etdiyi "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinin böyük qürurla oxudum. Həmin məqalə ilə təkcə Azərbaycanda yox, eyni zamanda Türkiyədə azərbaycanlı generallar barədə geniş ictimaiyyətə məlumat verilir. Onun mənim haqqımda dediklərini oxuduqda çox təəssüfləndim. Buna heç nə deyə bilmərəm. Fikrini başqa cür səsləndirsəydi, yaxşı olardı. Mən yazdığım kitabda onun müəllifi olduğu "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad etmişəm. Kitabı açın, 87-ci səhifəsində "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad olunub. Səhifənin aşağısında isə qeyd olunub: “Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin verdiyi müsahibədən”. Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?”,-deyə sabiq rabitə naziri bildirib.
N.Əhmədov Vilayət Quliyevə də öz iradlarını bildirib: “Mənim "İblis xislətli erməni" adlı kitabı yazmaqda məqsədim gənclərin sağlam mənəviyyat, vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixin unudulmaması olubr. Mənim dostumla birgə yazdığım kitab heç bir yerdə satışa çıxmayıb, yayılmayıb. Yalnız özümüzə, dostlarımıza, ailəmə, nəvələrimə oxumaq üçün yazmışam. Hesab edirəm ki, elə bir pis iş görməmişəm. Ola bilsin ki, haradasa müəllif hüquqları ilə bağlı səhvə yol vermişəm. Vilayət Quliyev məndən nə istəyirsə, etməyə hazıram, mübahisə edən adam deyiləm. Mən rabitəçiyəm, kitab yazmaqla bağlı mütəxəssis deyiləm, ola bilər ki, hansısa texniki səhvlər olub. Buna görə də Vilayət müəllim məni bağışlasın, amma ondan xahiş edirəm fikrini o cür ifadə etməsin”.
Xatırladaq ki, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev keçmiş rabitə naziri Nadir Əhmədovu oğurluqda ittiham edib. V.Quliyev bu haqda sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, müəllifi olduğu məqalə hazırda "Google" axtarış sistemində N.Əhmədovun yazısı kimi təqdim olunur.
"Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunan "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi "Google"da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur",-Vilayət Quliyev yazıb.
Qeyd edək ki, Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb. Hazırda Azərbaycanın Macarıstandakı səfiridir. Nadir Əhmədov 1997-2004-cü illərdə Azərbaycanın rabitə naziri olub.