Ölkə ərazisində dekabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 748 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 3-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.