Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.
YeniAvropa xəbər verir ki, dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Xatırladaq ki, Dünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.
QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2019-cu il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi olaraq 6502 İİV-infeksiyalı xəstə qeydiyyata alınıb, onlardan 4568 nəfərini kişilər, 1934-ü nəfərini qadınlar təşkil edir.