logo

“Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb

10:31 29-11-2019 | icon 2499
“Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb

Noyabrın 29-da Bakı Konqres Mərkəzində  “Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, Dövlət Turizm Agentliyinin(DTA) təşkilatçılığı ilə təşkil edilən tədbirdə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla  1500-dən çox nümayəndə  iştirak edir.

DTA-nın sədri Fuad Nağıyev tədbiri açaraq ötən ilki sammitdən sonra turizm sahəsində görülən işlərdən və agentliyin gələcək planlarından danışıb.O,  bir illik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz daha çox olduğunu, xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə edildiyini söyləyib. “Bu ilin 10 ayı ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib. Biz turizmin inkişafında sağlam mühitin yaradılmasının tərəfdarıyıq. Bu istiqamətdə addımlar atmışıq və atırıq. Bir çox ölkələrdən Azərbaycana turist axınına nail olmuşuq. Görəcəyimiz işlər hələ qarşıdadır" , - deyə F.Nağıyev söyləyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin məhsuldarlığına toxunaraq gələcək planlar və layihələr, qlobal, eləcə də regional bazarlarda aparılan marketinq strategiyası barədə məlumat verib.

O, “Bir daha bax” şüarı ilə Azərbaycanın turizm potensialının və yeni turizm brendinin beynəlxalq platformalarda uğurlu təqdimatından, dünya üzrə 3 milyardadək insana çatdırılmasından bəhs edib.

Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə keçirilən sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunub.

Sessiyalar “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzularını əhatə edəcək.