logo

Əllillər üçün tikilən evlərin pulunun bir hissəsini mənimsədi-həbs edildi

11:57 28-11-2019 | icon 2751
Əllillər üçün tikilən evlərin pulunun bir hissəsini mənimsədi-həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  ilə “Tua-TT” MMC arasında 2016-cı il iyulun 19-da imzalanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə nazirlikdən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə ƏƏSMN və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. 

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 2012-ci avqustun 24-də “TUA TT” MMC yaradıb, qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd üçotaqlı, Lənkəran rayonunda 4 ədəd üçotaqlı, Astara rayonunda 2 ədəd üçotaqlı, Lerik rayonunda 4 ədəd üçotaqlı və Yardımlı rayonunda 1 ədəd üçotaqlı olmaqla, ümumilikdə 13 ədəd üç otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib. O, nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 2016-cı il 24 iyun tarixli protokoluna əsasən qalib elan edilib.

Aparılmış istintaqla, həmçinin T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “TUA TT” MMC arasında bağlanmış 2016-cu il 19 iyul tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsilə həmin Cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə T.Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyənləşdirilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirləri bundan sonra da həyata keçirəcəklər.