Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları İqbal Ağazadənin yaşadığı ünvanın elektrik naqilinə müdaxilə edən şəxslə bağlı müvafiq tədbirlər həyata keçiriblər.
YeniAvropa xəbər verir ki, bu barədə BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib. İ.Ağazadə elektrik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə təhvil veriblər.
İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyyənləşdirilib ki, Pes Traykov Vladislav Yuriyeviç 2013-cü ildən ruhi-əsəb xəstəxanasında daimi qeydiyyatdadır.
Həmin şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb. Həmin evdə başqa şəxsin yaşaması onu narahat edir.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsində təhqiqat davam etdirilir.