Ukraynanın baş prokuroru Ruslan Ryaboşapka Gündüz Məmmədovun baş prokurorun müavini vəzifəsinə təyin edilməsi haqqında əmr imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” saytı məlumat yayıb.
Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Gündüz Məmmədov 2016-cı ilin avqustundan bu günə qədər Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib. Gündüz Məmmədov – İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetinin məzunu olub. 2013-cü ildə Odessa Milli İqtisad Universitetini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
Qeyd edilir ki, G. Məmmədov 1996-cı ildən Odessanın Primorski rayon prokurorluğunda prokuror köməkçisindən, prokurorunun birinci müavininə qədər vəzifələrdə çalışıb. 2012-ci ildən 2013-cü ilə qədər Kiyev vilayət prokurorluğunun aparatında işləyib. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək Dnepr Ekoloji Prokurorluğunun istintaq şöbəsinin müdiri vəzifəsini icra edib. 2014-cü ilin iyul ayında - Odessa prokuroru, 2015-ci ilin dekabrında - Odessa vilayətinin prokurorunun müavini, 2016-cı ilin avqustunda Krım Muxtar Respublikasının prokuroru təyin edilib.