logo

DÇ-2022:Bu gün qrup mərhələsinin II turuna start veriləcək

09:39 25-11-2022 | icon 1232
DÇ-2022:Bu gün qrup mərhələsinin II turuna start veriləcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start veriləcək.

YeniAvropa xəbər verir ki,  A və B qruplarında ümumilikdə 4 görüş təşkil olunacaq.

Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olacaq. "Əhməd Bin Əli" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və qarşılaşmanı qvatemalalı baş hakim Mario Eskobar idarə edəcək. Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək. Matçlar müvafiq olaraq saat 17:00-da və 20:00-da başlayacaq. Qətər – Seneqal matçı “Al Tumama” stadionunda baş tutacaq və ədaləti ispaniyalı referi Antonio Migel Mateu Laos qoruyacaq. "Xəlifə" stadionunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının matçı isə əlcəzairli hakim Qorbala tapşırılıb. Günə B qrupu çərçivəsində keçiriləcək İngiltərə - ABŞ matçı ilə yekun vurulacaq. Saat 23:00-da başlayacaq oyuna "Əl Bayt" stadionu ev sahibliyi edəcək və matçı baş hakim Xesus Valensuela (Venesuela) idarə edəcək.

A qrupunda çıxış edən Niderland və Ekvador milliləri 3 xalla ilk iki pillədə yer alıblar. Xalı olmayan Seneqal və Qətər isə üçüncü-dördüncü pillədə qərarlaşıblar. B qrupuna isə 3 xalla İngiltərə millisi başçılıq edir. ABŞ və Uels milliləri 1 xalla ikinci-üçüncü, hesabında xal olmayan İran isə sonuncudur.