logo

3 boksçumuz ABŞ-da beynəlxalq turnirin finalına yüksəlib

10:42 15-09-2022 | icon 721
3 boksçumuz ABŞ-da beynəlxalq turnirin finalına yüksəlib

ABŞ-ın Pueblo şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.

YeniAvropa Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ABŞ, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin də qatıldığı yarışda Azərbaycan yığmasının 3 üzvü finala yüksəlib.

Turnirdə 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək.

Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. Ü.Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.

Millimizin üzvü Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2. Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək.

Komanda yoldaşlarından fərqli, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz üçüncü yeri tutub.

Qeyd edək ki, turnirdə final döyüşləri sentyabrın 15-də olacaq.