logo

Azərbaycanda II Milli Yaylaq Festivalı keçirilir

11:11 29-07-2022 | icon 4480
Azərbaycanda II Milli Yaylaq Festivalı keçirilir

İyulun 29-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə ikinci Milli Yaylaq Festivalı başlayıb.

YeniAvropa xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.

“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.

Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir.

Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Festival iyulun 31-dək davam edəcək.