logo

TƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı məlumat yayıb

13:31 13-06-2022 | icon 3465
TƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.  

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq. 

Məlumatda qeyd edilib ki, vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib: "Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub. Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir". 

"Xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək belə bir addım atıb. Bir daha vurğulayırıq ki, KİV-lərdə yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir",-deyə məlumatda bildirilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.