logo

Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib

18:19 09-06-2022 | icon 1925
Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib

İyunun 9-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Pakistanın Azərbaycandakı səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən birinin Pakistan olduğunu qeyd edib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi və digər sahələrdə inkişaf edən əlaqələrin mövcudluğunu qeyd edən nazir müavini ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri məmnunluqla vurğulayıb. Nazir müavini həm keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə, həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövründə Pakistanın Azərbaycana siyasi dəstək göstərdiyini minnətdarlıqla vurğulayıb. İki dost və qardaş ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair inam ifadə edilib.

Sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək Azərbaycan və Pakistan arasında münasibətlərin ümumi tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib. Səfir Pakistanın hər zaman Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmamasına tam dəstək göstərdiyini vurğulayıb. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edən səfir Bilal Haye bundan sonra da Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etməsinə dair inamını bildirib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.