İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında çıxış edib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.
YeniAvropa xəbər verir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.
Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.
Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd edib və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə edib.
Sonra Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimi keçirilib.
Dövlət başçıları mərasimdə çıxış ediblər.
YeniAvropa prezident İlham Əliyevin çıxışını təqdim edir:
" Əziz və dəyərli qardaşım, hörmətli prezident Rəcəb Tayyib Ərdoğan.
Əziz qardaşlarım, əziz dostlar.
Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.
İlk növbədə, əziz qardaşım cənab prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.
Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.
İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.
Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.
Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.
Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!
Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.
Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə - hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!"
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq