logo

Yol polisi hava şəraitinin pisləşməsi  ilə əlaqədar sürücülərə müraciət etdi

15:51 02-10-2021 | icon 1729
Yol polisi hava şəraitinin pisləşməsi  ilə əlaqədar sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin dəyişəcəyi barədə proqnozla əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən YeniAvropa-ya bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, oktyabrın 3-ü axşamdan ayın 7-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi gözlənilir. Bu da sürücülərin bəzi qaydalara əməl etməsini şərtləndirir.

“Sürücülər avtomobili idarə edərkən daha diqqətli olmalı, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinməli və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etməlidirlər. Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanmalıdır. Bununla yanaşı, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı, sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir. Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar”, - deyə müraciətdə bildirilib.