logo

Yoxlamadan uğurla keçən 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub

21:13 30-09-2021 | icon 1456
Yoxlamadan uğurla keçən 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub

Sentyabrın 30-da Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2015-ci ildə turizm sahəsində lisenziyaların ləğv olunmasından sonra bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlərin üst-üstə düşmədiyini, bəzi hallarda isə ulduzlaşmanın ümumiyyətlə aparılmadığını qeyd edib.

Hotelçiliyin turizmin sütun sahələrindən olduğunu vurğulayan Fuad Nağıyev bildirib ki, ulduzlaşma məqsədilə beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb.

O, ilkin yoxlamalara əsasən bir sıra hotellərin iddia etdikləri ulduz dərəcəsini ala bilməyəcəklərini, buna səbəbin isə onların malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayının, eləcə də keyfiyyətindəki çatışmazlıqların olduğunu diqqətə çatdırıb.

Fuad Nağıyev iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən konsultativ dəstəyin göstəriləcəyini bildirib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Milli Ulduz təsnifatı əsasında ulduz dərəcələrinin verilməsi hotellər arasında sağlam rəqabət yaradacaq və onlara özlərini daha düzgün təqdim etmək şansı verəcək.

Daha sonra yoxlama prosesindən uğurla keçmiş 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.